Braziliyada Zau O Passaro ləqəbi ilə tanınan məşhur müğənni İzak Bruno Koni Silva konsertdən evə qayıdarkən yol qəzasında həlak olub.
Qaziler.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
27 yaşlı ifaçı mayın 4-ü səhər saatlarında dünyasını dəyişib. O, Baiya ştatının Barreyras şəhərində böyük anşlaqla keçən konsert vermişdi. Gecə saatlarında Silva üç həmkarı ilə birlikdə Lauro-di-Freytas şəhərindəki evinə qayıdarkən yolsuzluq avtomobili magistral yolda yük maşını ilə toqquşub.
Xilasedicilər zərərçəkənləri çıxarmaq üçün avtomobili kəsməli olublar. Müğənniyə ilk yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Müğənni evli olub, iki qızı var. Avtomobildəki digər sərnişinlər ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
İzak Bruno Koni Silva tez-tez "həyət sambası" adlandırılan paqode üslubunda musiqi ifa edirmiş. Böyük karnavallarda ifa olunan klassik sambadan fərqli olaraq, bu üslubda mahnılar daha çox ironikdir və çoxlu jarqon sözlərdən ibarətdir.
QAZİLER.AZ



