Türkiyə Fars körfəzində hərbi baza yerləşdirir

Türkiyə Fars körfəzində hərbi baza yerləşdirir backend

Türkiyə ümumi düşmənlərə qarşı mübarizə aparılması üçün Fars körfəzində hərbi baza yerləşdirilməsi haqqında qərar qəbul edib. APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, belə bir bəyanatla ötən gün Türkiyənin Qətərdəki səfiri Ahmet Demirok çıxış edib.


Hərbi bazanın yerləşdirilməsi iki ölkə arasında 2014-cü ildə imzalanan hərbi müqavilənin müddəalarında nəzərdə tutulub. Qeyd edək ki, hər iki dövlət Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının ona qarşı apardığı mübarizənin aktiv dəstəkçilərindəndir. Bundan əlavə, hər iki dövlət dəfələrlə Rusiyanın Bəşər Əsəd əleyhdarlarına endirdiyi hava zərbələrinin əleyhinə çıxış edib.

Türk səfir həmçinin inşa ediləcək hərbi bazada 3000-ə yaxın türk hərbçisinin yerləşdiriləcəyini də sözlərinə əlavə edib. Onu da qeyd edək ki, indiyədək regionda keçirilən hərbi təlim və xüsusi əməliyyatlar istisna olmaqla, bu, Türkiyənin Yaxın Şərq regionundakı ilk irihəcmli hərbi iştirakı olacaq.

Demirok hazırda 100-ə yaxın türk hərbçisinin Qətərdə olduğu və bu ölkənin əsgərlərinə təlim keçdiyini də söyləyib. Hələlik rəsmi Doha məsələ ilə bağlı heç bir şərh verməyib.