“Apple” şirkəti “Mac mini” və “Mac Studio” kompüterlərində davam edən və daha bir neçə ay çəkə biləcək çatışmazlıq barədə xəbərdarlıq edib.
Qaziler.az xəbər verir ki, "MacRumors"un yazdığına görə, bu barədə şirkətin baş direktoru Tim Kuk 2026-cı maliyyə ilinin ikinci rübünün yekunlarına dair hesabat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, cihazlara olan tələbat gözləniləndən xeyli yüksək olub. Çünki istifadəçilər onlardan süni intellekt və agent əsaslı alətlərlə əlaqəli tapşırıqlar üçün platforma kimi fəal şəkildə istifadə edirlər.
"Hesab edirik ki, “Mac mini” və “Mac Studio”nun tələb və təklif arasında balans yaratması üçün bir neçə ay lazım ola bilər", – deyə Kuk qeyd edib.
Son aylar bu modellərin çatdırılma müddəti nəzərəçarpacaq dərəcədə artıb, bəzi konfiqurasiyaların gözləmə müddəti isə aylarla uzanıb. Şirkət həmçinin “Mac Studio”nun 512 GB operativ yaddaşa malik versiyasının satışını və artırılmış yaddaş həcmi olan bəzi modifikasiyalar üçün sifarişlərin qəbulunu müvəqqəti olaraq dayandırıb.
QAZİLER.AZ



