Bağdad rəhbərliyi İraqın Beşika bölgəsindəki Türkiyə hərbçilərinin bir hissəsinin deyil, hamısının ölkəni tərk etməsini tələb edib. Axar.az xəbər verir ki, İraq Nazirlər Kabineti bu barədə rəsmi Ankaraya müraciət etdiyini açıqlayıb.
“Qonşu Türkiyəyə İraqın milli suverenliyinə hörmət edərək İraq torpaqlarından tamamilə çəkilməsinin vacibliyini bir daha bildirmişik”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu hərbçilərin bir qisminin bölgədən geri çəkildiyini açıqlayaraq təlim mərkəzinin yenidən formalaşdırıldığını demişdi.