ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Amerika nümayəndə heyəti İranla sülh danışıqlarında iştirak etmək üçün Pakistana yola düşüb və yaxın saatlarda oraya çatmalıdırlar.
Qaziler.az trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində bildirib.
“Biz danışıqlar aparmalıyıq. Buna görə də hesab edirəm ki, hazırda heç kim oyun oynamır”, – deyə Tramp qeyd edib. O bildirib ki, Vensin rəhbərlik etdiyi yüksək səviyyəli ABŞ nümayəndə heyəti, eləcə də xüsusi nümayəndə Stiv Uitkoff və müşavir Cared Kuşner artıq danışıqların növbəti raundu üçün İslamabada yollanır.
“Onlar artıq ora gedirlər. Yerli vaxtla bu axşam orada olacaqlar”, – prezident əlavə edib.
Tramp həmçinin bəyan edib ki, irəliləyiş əldə olunacağı təqdirdə, İranın yüksək vəzifəli rəhbərləri ilə görüşməyə hazırdır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.



