İslam koalisiyası İŞİD-lə mübarizə üçün Suriyaya xüsusi təyinatlı dəstələr göndərmək imkanlarını müzakirə edir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr söyləyib. Onun sözlərinə görə, müzakirələri hələlik Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn aparır.
Qeyd edək ki, iki gün öncə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 müsəlman ölkəsi terrora qarşı yeni koalisiya yaradıb. Koalisiyada Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən yer alıb. Koalisiyaya İndoneziya ilə bərabər 10 ölkənin dəstək verəcəyi bildirilib.