Avropa Birliyi əhalisi 2029-cu ildə pik həddə çatacaq, lakin 2100-cü ilə qədər 11,7% - təxminən 53 milyon nəfər azalacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Eurostat” proqnozuna istinadən məlumat yayıb.
Analitiklərin fikrincə, AB əhalisi 2021-ci ildə koronavirus pandemiyası səbəbindən azalıb, ardınca demoqrafik artım baş verib. Bu tendensiyanın növbəti üç ildə davam etməsi gözlənilir. 2025-ci ildə isə AB əhalisi 451,8 milyon nəfər olub.
Qeyd olunub ki, AB əhalisinin 2029-cu ildə 453,3 milyon nəfərə çatacağı, bundan sonra tədricən azalmağa başlayacağı gözlənilir. Əsrin sonuna qədər “Eurostat” AB əhalisinin 398,8 milyon nəfər olacağını proqnozlaşdırır ki, bu da əmək qabiliyyətli əhalinin 50%-ni, uşaq və gənclərin 17%-ni təşkil edir.
Eyni zamanda, yaşlı əhalinin payının artacağı gözlənilir: 65-79 yaş arası olanlar 17%, 80 yaşdan yuxarı olanlar isə əhalinin 10 faizini tutacaq. Bu gözləntilər son bir il üçün demoqrafik məlumatların təhlilinə əsaslanır.
QAZİLER.AZ



