İsrail hərbçiləri Livanın cənubundakı Bint-Cübeyl yaşayış məntəqəsi ərazisində gedən döyüşlər zamanı "Hizbullah"ın üç silahlısını əsir götürüblər.
Qaziler.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbi toqquşma başa çatdıqdan sonra qruplaşmanın üç üzvü, o cümlədən "Radvan" xüsusi təyinatlı qüvvələrinin döyüşçüsü silahlarını yerə qoyaraq İsrail qoşunlarına təslim olublar.
İsrail Müdafiə Ordusunun Şimal Hərbi Dairəsinin komandanı, general-mayor Rafi Milonun sözlərinə görə, qoşunlar Bint-Cübeyl şəhərinin mühasirəyə alınmasını başa çatdırıb.
"Bu ərazini mühasirəyə aldıq və Bint-Cübeylin daxilində fəaliyyət göstərməyə başladıq. Bu, vacib əməliyyat manevridir", - o deyib.
Mətbuat xidmətinin məlumatına görə, Milo Bint-Cübeyldə hərbçilərlə əməliyyat müşavirəsi keçirib. "Eyni zamanda İsrail Müdafiə Ordusunun qoşunları "Hizbullah"ın terror infrastrukturunu məhv edib və Cənubi Livandakı bütün ön müdafiə xətti boyunca fəaliyyət göstərir. Biz təhdidləri aradan qaldırmaq və ölkənin şimal rayonlarının sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da qətiyyətlə fəaliyyət göstərəcəyik", - general qeyd edib.



