Əfqanıstanda motosikletli naməlum silahlı şəxslər Herat əyalətinin İncil rayonundakı parkda istirahət edən insanlara avtomatik silahlardan atəş açıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “Ariana” xəbər agentliyi ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kaniyə istinadla məlumat yayıb.
Hadisə aprelin 10-u günortadan sonra Qabarzun kəndində baş verib. Şahidlərin sözlərinə görə, silahlı şəxslər əvvəlcə kişiləri izdihamdan ayırıb və onları arvadları və uşaqlarının gözü qarşısında güllələyiblər. Qaçmağa cəhd edən qadınlar da güllələnib. Qurbanlar arasında uşaqlar da olub.
Əfqanıstan Daxili İşlər Nazirliyi hadisəni təsdiqləyib. Kaninin sözlərinə görə, hadisə nəticəsində yeddi nəfər ölüb, 13 nəfər yaralanıb. O, qeyd edib ki, zərərçəkənlərin bəzilərinin vəziyyəti ağırdır.
QAZİLER.AZ



