ABŞ-ın “Apple” korporasiyası Tayvan adasının şimalında yerləşən Lonqtan şəhərində müasir displeylərin tərtibatı ilə məşğul olacaq məxfi laboratoriya yaradıb. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən xəbərinə görə, ABŞ-ın “Bloomberg” informasiya agentliyi bu barədə məlumat yayıb. Mütəxəssislər əmindir ki, şirkət “Samsung” və “Sharp”dan ekran almaqdan imtina etməyi planlaşdırır.
Məlumdur ki, hazırda müəssisədə orqanik işıq diodları əsasında qurulan nazik, parlaq və daha az enerji tələbatı aparan maye kristallı ekranların yaradılması ilə məşğul olan 50 mühəndis çalışır. Ehtimal olunur ki, yeniliklər “iPhone” smartfonlarının və “iPad” planşetlərinin yeni modellərinin istehsalı zaman istifadə olunacaq.
Mütəxəssislər hesab edir ki, Amerika istehsalçısı müstəqil olmaq istəyib, “Samsung” və “Sharp” şirkətlərindən displey almaqdan imtina etmək niyyətindədir. “Apple” şirkətinin nümayəndələri bu məlumatı nə inkar, nə də təsdiq edir. Buna səbəb tərtibatların məxfiliyinin yüksək səviyyədə saxlanılmasıdır.