Tramp Hörmüz boğazı açılmasa, İranın elektrik stansiyalarının məhv ediləcəyini bildirib

Tramp Hörmüz boğazı açılmasa, İranın elektrik stansiyalarının məhv ediləcəyini bildirib backend

İslam Respublikası Hörmüz boğazından gəmilərin sərbəst keçişinə icazə verməsə, Birləşmiş Ştatlar İran ərazisindəki bütün elektrik stansiyalarına və körpülərə zərbələr endirəcək.

 

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.

 

"Əgər onlar çərşənbə axşamı axşama qədər heç bir tədbir görməsələr, onların heç bir elektrik stansiyası və heç bir körpüsü qalmayacaq", - Ağ Evin rəhbəri bildirib.

 

Amerika lideri vurğulayıb ki, Vaşinqton "çox güclü mövqe" tutur, Tehrana isə "bərpa olunması üçün ən azı 20 il lazım olacaq və bu da ən yaxşı haldadır".

 

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

 

İran rəhbərliyi həmçinin ABŞ, İsrail və əməliyyata dəstək verən dövlətlərlə əlaqəsi olan gəmilər üçün Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Münaqişə zamanı Tehranın icazəsi olmadan boğazdan keçməyə cəhd edən bir neçə tanker hücuma məruz qalıb.

 

Tramp bazar günü "Fox News" telekanalına "sabah sövdələşmə bağlamaq üçün yaxşı şans" olduğunu bildirib.