Dünən Moskvanın mərkəzində güllələnərək öldürülən rusiyalı müxalifətçi Boris Nemtsovun dəfn olunacağı tarix bəlli olub.
Bu barədə PARNAS partiyasının üzvü Konstantin Merzlikin bildirib.Vida mərasimi martın 3-ü yerli vaxtla 10-dan 14:00-a qədər Saxarov mərkəzində təşkil ediləcək. Daha sonra isə Troekurov qəbiristanlığında dəfn mərasimi keçiriləcək.Martın 1-də isə Moskvada mərhum siyasətçinin xatirəsinə həsr olunmuş matəm yürüşü baş tutacaq. Yürüş Moskva vaxtı ilə 15:00-da başlayacaq və Nemtsovun öldürüldüyü körpü istiqamətində davam edəcək.
Müxalifətçi İlya Yaşin bəyan edib ki, sözügedən anım tədbiri artıq Moskva meriyası ilə razılaşdırılıb. O qeyd edib ki, martın 1-nə təyin edilmiş “Bahar”aksiyası da təxirə salınıb.
Qeyd edək ki, Boris Nemtsov fevralın 28-i gecə saatlarında “Böyük daş körpü”də öldürülüb. Naməlum şəxs ona 4 dəfə atəş açıb. Ürəyindən yara alan siyasətçi yerindəcə keçinib.