Tramp neft qiymətlərinə görə "Cons" qanununun icrasını dayandırdı

Tramp neft qiymətlərinə görə "Cons" qanununun icrasını dayandırdı backend

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginlik səbəbindən neft qiymətlərini aşağı salmaq məqsədilə əsrdən çox tarixə malik Ticarət Dənizçiliyi Qanununu (Cons qanunu) 60 gün müddətinə dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “X” sosial media platformasında məlumat verib.

"Prezident Trampın "Cons" qanununu 60 gün müddətinə dayandırmaq qərarı, ABŞ ordusunun İrana qarşı “Epik qəzəb” əməliyyatı çərçivəsində missiyaları davam etdirdiyi bir vaxtda neft bazarında qısamüddətli pozuntuları azaltmaq üçün daha bir addımdır", - deyə o yazıb.

Ağ Ev sözçüsünün sözlərinə görə, bu tədbir ABŞ limanlarına neft, təbii qaz, gübrə və kömürün maneəsiz çatdırılmasına imkan verəcək.

Beləliklə, ABŞ lideri müvəqqəti olaraq xarici gəmilərə Amerika limanları arasında yanacaq daşımağa icazə verib.

"Cons" qanunu (1920) ABŞ limanları arasında daşınan bütün yüklərin ABŞ-də inşa edilmiş və Amerika vətəndaşları tərəfindən idarə olunan ABŞ bayrağı altında üzən gəmilərdə daşınmasını tələb edən ABŞ federal qanunudur.

Qeyd edək ki, İsrail və ABŞ-nin hücumlarına cavab olaraq, İran dünyanın əsas neft marşrutlarından biri olan Hörmüz boğazını bağlandığını elan edib. İslam Respublikası qadağanı kommersiya gəmiləri və tankerlər də daxil olmaqla bütün gəmilərə şamil edib. Nəticədə, strateji dəhlizdə nəqliyyat demək olar ki, dayanıb. Bu vəziyyət neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

QAZİLER.AZ