İspaniyada Ekvatorial Qvineyanın prezidenti Teodor Obianqın pullarını “yuyan” rus mafiozlara xidmət edən məşhur vəkil həbs olunub. Virtualaz.org saytı xəbər verir ki, bu haqda “El Pais” qəzeti yazır.
Bildirilir ki, ispan polisi ruslar tərəfindən təşkil edilmiş və İspaniya bankları üzərindən diktator Obianqın pullarını leqallaşdıran mütəşəkkil qruplaşmaya daha bir zərbə endirib. Bu qruplaşma prezident Obianqın və onun Monqomo klanından olan bəzi nazirlərin 30 milyon avro pulunu İspaniya bankları üzərindən leqallaşdırıb.İş üzrə polis vəkil Xuan Arsensibyanı və onun bacıları Marqarita ilə Mariyanı həbs edib. Onlar Rusiya vətəndaşları olan Kokorevlərin firması üzərindən çirkli pulların yuyulmasında ittiham edilir. Kokorevlər Obianq ailəsinin pullarını idarə edən adamlar olub.
Bildirilir ki, Las-Palmasdakı ən məşhur vəkil kontoruna rəhbərlik edən Arsensibya bir neçə il ərzində əslən Rusiyadan olan Vladimir və Yuliya Kokorevlərin hüquq məsləhətçisi olub.
İspaniya polisinin 10 il davam edən təhqiqatı nəticəsində Kokorevlər bu ilin sentyabrında Panamada həbs edilib və İspaniyaya ekstradisiya olunublar.
Arsensibyanın bacılarından biri Kokorevlərə məxsus “Blue Prifile” firmasının səlahiyyətli agenti olub. Kokorevlərin adına İspaniyanın Lansarot adasında “Sands Beach Resort” istirahət kompleksi var. Bu kompleksin satın alınması üçün ispan vəkil dolaşıq sxem qurub. Zəncirdə offşor zonalarda qeydiyyatan keçmiş firmalar iştirak edib.