ABŞ Prezidenti Donald Tramp Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələri tərəfindən İranın Xarq adasında yerləşən hərbi hədəflərinə ağır zərbələr endirildiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasında qeyd yazıb.
"Mənim göstərişim əsasında ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq regionu tarixindəki ən kütləvi bombardmanlardan birini icra edərək, İranın əsas dəyəri sayılan Xarq adasındakı bütün hərbi obyektləri tamamilə darmadağın edib", - deyə Tramp bildirib.
ABŞ rəhbəri adada olan neft infrastrukturuna toxunmamaq qərarı aldığını xüsusi vurğulayıb. Prezident əlavə edib ki, əgər İran və ya digər tərəflər gəmilərin Hörmüz boğazından sərbəst, eləcə də təhlükəsiz hərəkətinə əngəl yaradacaq hər hansı bir davranışa yol verərsə, o bu qərarına dərhal yenidən baxacaq.
Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Xarq adasındakı hava hücumundan müdafiə sistemlərinin ABŞ tərəfindən bütövlüklə sıradan çıxarılması ilə bağlı yayılan xəbərləri yalanlayıb.
SEPAH-ın verdiyi məlumata əsasən, ABŞ-nin zərbələri nəticəsində adanın ərazisində 15-dən çox partlayış baş verib. Buna baxmayaraq, qurum neft infrastrukturuna aid heç bir təsisatın zərər görmədiyini bildirir.
Məlumatda, həmçinin qeyd edilib ki, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ABŞ-nin həyata keçirdiyi hücumdan təxminən bir saat sonra bərpa olunub.



