Türkiyə balıqçı gəmisinin kapitanı rusları təkzib etdi

Türkiyə balıqçı gəmisinin kapitanı rusları təkzib etdi backend

Rusiyanın "Smetlivıy" sahil-mühafizə gəmisi tərəfindən atəşə tutulduğu iddia edilən Türkiyə balıqçı gəmisinin kapitanı baş verənləri təkzib edib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, gəminin kapitanı Müzəffər Geçici "CNN Turk" telekanalına müsahibə verərək heç bir atəşlə üzləşmədiklərini bildirib.

"Balıqçılar Rusiya gəmisinə bir mildən (1,8 kilometrdən) çox yaxınlaşmayıblar, heç kim də bizə atəş açmayıb. Əgər atəş açıblarsa belə, bizim balıqçılar heç nə eşitməyiblər", - deyə Geçici vurğulayıb. Onun sözlərinə görə, gəmi həmin an hərəkətdə olmayıb.

Türkiyəli kapitan bildirib ki, gəminin videomüşahidə kameralarının görüntüləri Türkiyənin sahil mühafizə xidmətinə verilib.

Xatırladaq ki, dekabrın 13-də Rusiyanın "Smetlivıy" sahil-mühafizə gəmisi Egey dənizində, Yunanıstanın Lemnos adasının 22 kilometrliyində Türkiyəyə məxsus balıqçı gəmisinə atəş açdığını bildirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, balıqçı gəmisi Rusiya gəmisinin 600 metrliyinə yaxınlaşdığına görə onunla toqquşmamaq üçün bu addım atılıb.

Diaspora