Azərbaycan vasitəsilə Rusiyadan İrana tranzit yükdaşımalarına başlandı

Azərbaycan vasitəsilə Rusiyadan İrana tranzit yükdaşımalarına başlandı backend

Rusiyadan İrana Azərbaycan vasitəsilə tranzit yükdaşımalarına başlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, gələcəkdə digər ölkələrdən gətirilən yüklərin də İrana göndərilməsi təmin ediləcək.


“Azərbaycan Dəmir Yolları” QSC- nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, İrana əsasən Rusiyadan və Qazaxıstandan taxıl məhsulları, dəmir məmulatları və taxta materiallarının daşınması həyata keçiriləcək.

Əvvəlki marşrutlarla aparılan daşımalarda bir sıra çətinliklər mövcud olub. Belə ki, Rusiyadan Qazaxıstan və Türkmənistan üzərindən sərhəd keçid məntəqəsindən İrana qədər olan məsafə kifayət qədər uzaq olduğundan, Rusiyanın dəniz limanlarından daşınan yüklər gəminin yükü tam yığılanadək saxlanıldığı üçün əlavə cərimələr yaranırdı. Bu yüklər Azərbaycan dəmir yolu üzərindən tranzit olaraq daşınanda isə həm məsafə qısalır, həm də əlavə cərimələr yaranmır.

Azərbaycan Dəmir Yolları” QSC-nin tarif siyasəti də yüklərin daşınmasında mühüm rol oynayır. Nadir Əzməmmədovun sözlərinə görə, gələcəkdə bu istiqamətdə yüklərin daha da artacağı gözlənilir. Tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, o cümlədən Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa - Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Diaspora