Avropa Birliyi (AB) Ekspert Koordinasiya Qrupu Xorvatiya vasitəsilə Macarıstan və Slovakiyaya alternativ neft tədarükü marşrutu təklif edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Anna-Kaysa İtkonen bildirib.
"Qrup Xorvatiyada Adriatik Boru Kəməri vasitəsilə Macarıstan və Slovakiyaya alternativ neft tədarükü marşrutu təklif edib. Xorvatiya bu marşrutlar vasitəsilə Rusiya neftinin tədarük olunmayacağını təsdiqləyib", - AK sözçüsü bildirib.
İtkonen əlavə edib ki, yeni marşrutun tutumu Macarıstan və Slovakiyanın ehtiyaclarını ödəmək üçün kifayətdir. Lakin o, bu variantın “Drujba” boru kəməri vasitəsilə edilən tədarüklə müqayisədə nə qədər baha olacağını dəqiqləşdirməyib.
Xatırladaq ki, yanvarın sonlarında Ukrayna ölkənin qərb hissəsindəki atışmalardan sonra avadanlıqlara dəyən ziyana görə tranziti dayandırıb və nəticədə Slovakiya və Macarıstan Rusiya tədarükündən məhrum olub. Tranzit fevralın 20-də bərpa olunmalı idi, lakin bu baş verməyib.
QAZİLER.AZ



