COVID-19-la bağlı son statistikaya əsasən virusdan ölüm halları artıb.
Trend bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir.
2026-cı ildə yanvarın 5-dən fevralın 1-dək olan son 28 günlük dövrün statistikasına əsasən, 34 ölkədə COVID-19-la bağlı yeni ölüm halları qeydə alınıb. Hesabata əsasən, həmin müddətdə ümumilikdə 1 873 nəfər həyatını itirib. Bu göstərici əvvəlki 28 günlük dövrlə müqayisədə artım deməkdir. Belə ki, öncəki mərhələdə 39 ölkədə 1 491 ölüm halı qeydə alınmışdı.
Məlumata görə, Amerika və Avropa regionlarından olan 10 ölkədə yeni ölüm hallarının sayı 10 faizdən çox artıb. 2026-cı ilin yanvar ayında yaş göstəriciləri üzrə təqdim olunan məlumatlar göstərir ki, ölüm hallarının 91 faizi 65 və daha yuxarı yaş qrupuna aid şəxslər arasında baş verib.
Hesabat dövründə ÜST-ün üç bölgəsində 59 ölkədə yeni COVID-19 yoluxmaları qeydə alınıb. Ümumilikdə 47 004 yeni hal təsdiqlənib ki, bu da əvvəlki 28 günlük dövrdə 67 ölkədə qeydə alınmış 49 449 yoluxma ilə müqayisədə azalma deməkdir.
Bununla yanaşı, Amerika və Avropa regionlarından olan 13 ölkədə yeni yoluxmaların sayında 10 faizdən çox artım müşahidə olunub. Məlumata əsasən, 26 ölkədə ümumilikdə 5 417 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. ÜST-ün iki bölgəsində isə 24 ölkədən 224 nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.



