Parlamentdə baş nazirə hörmətsizlik: deputatlar qırğına çıxdı

Parlamentdə baş nazirə hörmətsizlik: deputatlar qırğına çıxdı backend

Ukrayna Ali Radasında baş nazir Arseniy Yatsenyukun çıxışı zamanı deputatlar arasında dava baş verib. Azvision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qarşıdurma “Pyotr Poroşenko Bloku” (PPB) və “Xalq Cəbhəsi” partiyasının deputatları arasında baş verib.

Belə ki, hökumətə etibarsızlıq haqqında qətnaməyə səs toplayan PPB deputatı Oleq Barna tribunada çıxış edən Yatsenyuka qızılgül buketi verib. O, baş naziri əlləri ilə yuxarı qaldıraraq tribunadan kənarlaşdırmaq istəyib.

Bundan sonra deputatlar arasında qarşıdurma başlayıb və baş nazirin çıxışı bir neçə dəqiqəlik yarımçıq qalıb.

Ara sakitləşəndən sonra PPB fraksiyasının rəhbəri Yuriy Luçenko öz deputatının hərəkətinə görə üzr istəyib.

“Bu tamamilə yanlış addımdır. Belə olmamalıdır. Bura parlamentdir və burada müvafiq mədəni səviyyə olmalıdır”, - deyə Ali Radanın spikeri Vladimir Qroysman da vurğulayıb.

Baş nazir Yatsenyuk da bu insidentə münasibət bildirib: “Bizim aramızda nifrət və mübahisə olduğu halda xalqın ümidləri dağılacaq, birlik olmayacaq. Bura nə sirk, nə də şoudur”.


Diaspora