Manisada “Şuşa“ küçəsi və Xocalı Parkı salına bilər

Manisada “Şuşa“ küçəsi və Xocalı Parkı salına bilər backend

Türkiyənin Manisa vilayətində Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfranslarda çıxış edən millət vəkili Qənirə Paşayeva Manisa bələdiyyəsinin rəhbərliyi ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı Q. Paşayeva Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu, Manisanın də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib. Millər vəkili bələdiyyə rəhbərliyi ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Manisanın mərkəzi küçələrindən birinə, mədəniyyət beşiklərimizdən, qədim Şuşanın, mərkəzi parklardan birinə Xocalı adının verilməsi təklifi ilə çıxış edib. O, təklifinin reallaşacağına inandığını deyib.

Q. Paşayeva Manisa bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Manisa bələdiyyəsinin rəhbərliyi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Manisa bələdiyyəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini, qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. “Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır. Hər zaman qardaş Azərbaycanın yanındayıq” - deyən Manisa bələdiyyəsinin rəhbərliyi Q. Paşayevanın Manisada Şuşa küçəsi və Xocalı parkı təkliflərini müsbət qiymətləndirdiklərini, bu təkliflərin qısa zamanda reallaşacağını əlavə ediblər.

Bələdiyyə rəhbərliyinə müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan millət vəkili, kitabın növbəti hissələrində qədim Manisanın da yer alacağını bildirib və “Azərbaycan insanı Manisanı daha da geniş tanıyacaq. Bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək” - deyib. Manisa bələdiyyəsinin rəhbərliyini Azərbaycanda görməkdən məmnun olacaqlarını deyən millət vəkili onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Manisa bələdiyyəsi rəhbərliyi Azərbaycana məmnuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini etiraf edib.

Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Manisada 190 azərbaycanlı tələbənin təhsil aldığını deyən millət vəkili Q. Paşayeva, onların təmsilçilərinin də görüşə iştirak etdiyini xüsusi vurğulayaraq, tələbələrimizlə bağlı ortaya çıxan məsələlərin həllində Manisa bələdiyyəsinin bundan sonra daha çox dəstək verəcəyinə inandığını deyib. Millət vəkili Manisada Azərbaycanla qardaşlıq körpülərinin daha da güclənməsi üçün çalışan bəzi QHT-ləri də təqdim edərək, onların fəaliyyətlərinin vacibliyini vurğulayıb.

Görüşün sonunda Q. Paşayeva Manisa bələdiyyə rəhbərliyinə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” , “Karabağ hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. Onlar da millət vəkilinə Manisanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.
Diaspora