Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqa getməməyə çağırıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, qurum hazırda həmin ölkədə olan şəxslərə təcili oranı tərk etməyi məsləhət görüb.
Nazirlikdən əlavə edilib ki, bu, Şimali İraq Kürd Muxtariyyətinin ərazisi istisna olmaqla Ankaranın qoşun yeritdiyi ərazilərə aiddir.
Bu arada Türkiyə qırıcılarının İraqın hava məkanını tez-tez pozduğu və sərhəd bölgələrinə zərbələr endirdiyi deyilir. Əsasən PKK-nın Qəndil və Daxuk bölgələrindəki mövqeləri bombalanır.
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Silahlı Qüvvələrin İraqa bu ölkənin rəhbərliyinin xahişi ilə yeridildiyini bildirib. O, bu addımla Ankaranın vacib missiya həyata keçirdiyini qeyd edib: "Bir müddətdir ki, İraqın şimalındakı yerli idarəetmə səbəbindən orada xalqın bütün hüquqları əllərindən alınıb və xalq bu haqqını qaytarmaq istəyir. Bu hüquqların bərpa edilməyəcəyindən xalq nigarandır".
Hazırda Türkiyə qoşunları Başik düşərgəsində möhkəmlənib, bu mövqe Mosulun şimal-şərq istiqamətinin 18 kilometrliyindədir.