Rusiya aviaşirkətləri Kubaya uçuşları dayandırır

Rusiya aviaşirkətləri Kubaya uçuşları dayandırır backend

"Rossiya" aviaşirkəti ("Aeroflot" Qrupunun tərkibinə daxildir-red.) Kubaya uçuşları dayandıracaq.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Bildirilib ki, şirkət turistlərin təxliyyəsindən sonra yaxın günlərdə Kubaya uçuşları müvəqqəti olaraq dayandıracaq.

"Yaxın günlərdə "Rossiya" aviaşirkəti hazırda Kubada olan rusiyalı turistlərin daşınmasını təmin etmək üçün yalnız Havana və Varaderodan Moskvaya bir sıra geri dönüş uçuşları həyata keçirəcək. Bundan sonra aviaşirkətin uçuş cədvəli vəziyyət dəyişənə qədər müvəqqəti olaraq dayandırılacaq" - məlumatda deyilir.

Agentlik izah edib ki, bu qərar Kubada təyyarələrin yanacaq doldurmasında çətinliklərlə bağlıdır.

Kubaya uçan ikinci Rusiya aviaşirkəti olan "Nordwind" də Kubaya uçuşların dayandırıldığını elan edib. 12 fevraldan etibarən aviaşirkət artıq adada olan sərnişinlər üçün Varadero, Holguin və Kayo Kokodan Moskvaya yalnız təxliyə uçuşları həyata keçirəcək.

Rosaviasiyadan bildirilib ki, Rusiya Nəqliyyat Nazirliyi və Federal Hava Nəqliyyatı Agentliyi ölkələr arasında uçuşlarla bağlı vəziyyəti yaxından izləyir və Kuba aviasiya orqanları ilə daim əlaqə saxlayır. Tərəflər hər iki ölkə vətəndaşlarının maraqları naminə hər iki istiqamətdə uçuşların bərpası üçün alternativ variantları araşdırırlar.

Qeyd edək ki, Kuba yanacaq-enerji böhranı ilə üz-üzə qalıb. İndiyədək Venesuelada yanacaq təmin edən Havana Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra bu enerji mənbəsindən də məhrum olub. ABŞ-nin təzyiqi ilə Meksika da Kubaya neft və yanacaq məhsulları satmaqdan imtina edib.