Suriyada atəşkəs əldə olunub, hökumət neft yataqlarına nəzarət edəcək

Suriyada atəşkəs əldə olunub, hökumət neft yataqlarına nəzarət edəcək backend

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa YPG/SDQ terror təşkilatının yerləşdiyi bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni razılaşmanı təsdiqləyib.

 

"Report" xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

 

Yeni razılaşmalara uyğun olaraq, YPG/SDQ terror təşkilatının bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək.

 

Sənəd həmçinin hökumət ordusunun bazar günü geri qaytardığı Deyr-əz-Zor əyalətindəki neft və qaz yataqlarının nəzarətinin Suriya hakimiyyətinə keçdiyini təsdiqləyir:

 

"İlkin addım kimi Fərat çayının şərqindəki ərazidən bütün SDQ hərbi birləşmələri geri çəkilir, Deyr-əz-Zor və Rakka əyalətləri üzərində nəzarət həm inzibati, həm də hərbi cəhətdən dərhal və tam şəkildə Suriya hökumətinə təhvil verilir".

 

Hökumət də öz növbəsində SDQ heyətini və döyüşçülərini, eləcə də bu əyalətlərdəki mülki administrasiya nümayəndələrini təqib etməməyi öhdəsinə götürüb. Həsəkə əyalətindəki bütün vətəndaş institutları Suriya dövlətinin strukturlarına və onun inzibati sisteminə inteqrasiya olunacaq.

 

Suriya hökuməti bütün sərhəd keçid məntəqələrinin, eləcə də regionun neft və qaz yataqlarının tam nəzarətini öz üzərinə götürüb. Onların təhlükəsizliyi təbii sərvətlərin dövlətə qaytarılmasını təmin etmək üçün nizami silahlı qüvvələr tərəfindən təmin ediləcək. Bütün SDQ hərbçiləri və təhlükəsizlik işçiləri tələb olunan təhlükəsizlik yoxlamalarından keçdikdən sonra fərdi olaraq Suriya Müdafiə və Daxili İşlər Nazirliklərinin strukturlarına inteqrasiya olunacaqlar.

 

Onlara müəyyən edilmiş qaydada müvafiq hərbi rütbələr, maddi və lojistik dəstək veriləcək, eyni zamanda kürd xalqının yaşadığı bölgələrin spesifik xüsusiyyətlərinin və kimliyinin qorunması təmin ediləcək.

 

SDQ rəhbərliyi əvvəlki rejimin qalıqlarını öz sıralarına qəbul etməməyi və Suriyanın şimal-şərqində yerləşən bu birləşmələrin zabitlərinin siyahılarını təhvil verməyi öhdəsinə götürüb.

 

Bundan başqa siyasi iştirak və yerli təmsilçiliyin təminatı olaraq, Haseke əyalətinin qubernatoru vəzifəsinə namizədin təyin edilməsi barədə prezident fərman verəcək.

 

Eyni zamanda Ayn-əl-Ərəb (Kobani) şəhəri ağır hərbi qüvvələrdən azad ediləcək. Orada yerli sakinlərdən ibarət daxili təhlükəsizlik qüvvələri yaradılacaq, Suriya Daxili İşlər Nazirliyinə inzibati tabe olan yerli polis qüvvələri isə saxlanılacaq.

 

İŞİD döyüşçülərinin saxlanıldığı həbsxana və düşərgələrdən məsul olan administrasiya, eləcə də bu obyektləri qoruyan qüvvələr dövlət strukturlarına inteqrasiya olunacaq. Suriya hökuməti onlar üçün tam hüquqi və təhlükəsizlik məsuliyyətini öz üzərinə götürəcək.