Almaniya hərbçilərinin Qrenlandiyadakı missiyasının başa çatdığını açıqlayıb - YENİLƏNİB

Almaniya hərbçilərinin Qrenlandiyadakı missiyasının başa çatdığını açıqlayıb - YENİLƏNİB backend

Almaniya Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyadakı missiyasının başa çatdığını açıqlayıb.

 

Qaziler.az-ın apa-ya istinadən xəbərinə görə, Almaniya Silahlı Qüvvələrinin Qrenlandiya missiyası üzrə nümayəndəsi, podpolkovnik Peter Milevçuk “Funke” media qrupuna müsahibəsində bildirib ki, ilkin vəzifələrini - təlimlərin keçirilməsi və hazırlıq təşəbbüsü çərçivəsində vəziyyəti öyrənmək tapşırığını yerinə yetiriblər.

 

Peter Milevçuk Nuuk hava limanında jurnalistlərə açıqlamasında danimarkalı həmkarları ilə əməkdaşlığı “çox müsbət və konstruktiv” adlandırıb: “Artıq qeyd etdiyim kimi, biz ilkin mərhələdə buradakı vəziyyəti araşdırdıq və ümumilikdə tapşırığı yerinə yetirdik. İndi isə əldə olunan nəticələrlə evə qayıdırıq”.

 

***

 

saat 16.54

 

Qrenlandiyadakı Almaniya hərbçiləri bazar günü səhər saatlarında Berlindən gözlənilmədən adanı təcili tərk etmək barədə əmr alıblar.

 

APA xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

 

Nəşr yazır ki, admiral Ştefan Pauli başda olmaqla 15 zabit və əsgər artıq Nuuk hava limanındadır və “Icelandair” aviaşirkətinə məxsus təyyarə ilə adanı tərk etməlidirlər. Qəzetin iddiasına əsasən, Bundeverin ön qrupuna Almaniya hakimiyyəti tərəfindən bu qəfil gedişin səbəbi ilə bağlı heç bir izahat verilməyib, planlaşdırılan bütün tədbirlər ləğv olunub. Qeyd edir ki, rəsmi açıqlamalar verilməyib və proses tam məxfilik şəraitində həyata keçirilir.

 

Əvvəlcə Bundever hərbçilərinin cümə günü gəldikləri Qrenlandiyada daha uzun müddət qalacaqları gözlənilirdi. Qəzet istisna etmir ki, onların adanı tələsik tərk etməsi ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı Almaniya və bir sıra digər Avropa ölkələrinə əlavə rüsumlar tətbiq edəcəyi barədə hədələri ilə əlaqədar ola bilər.