Türkiyədə Rusiya səfirinin qətlinin təşkilatçısı olan şəxs adını niyə dəyişdi? - FOTO

Türkiyədə Rusiya səfirinin qətlinin təşkilatçısı olan şəxs adını niyə dəyişdi? - FOTO backend

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin təşkilatçılarından biri, Kanadaya qaçan türkiyəli Cemal Karatın adını dəyişdirdiyi bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bunun səbəbi qətl təşkilatçısının Rusiya tərəfindən qaçırılmaq qorxusu olub. Türkiyə dövləti tərəfindən axtarışda olan Karat adını Salih Ada olaraq dəyişdirib.

Rusiya səfiri 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən qətlə yetirilib. Ona hücum edən şəxs zərərsizləşdirilib.

Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı kimi təsnif edib. Diplomata ölümündən sonra "Rusiya qəhrəmanı" adı verilib.

Karlovun qətli ilə bağlı hökm Türkiyədə 2021-ci ildə elan edilib. Beş nəfər ömürlük həbs cəzasına, səkkiz nəfər 5 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum edilib, altı nəfər isə bəraət alıb.

Məhkəmə qaçaq müttəhimlərin işlərini ayrıca icraata götürüb.