İŞİD terror təşkilatının təbliğatının qarşısını ancaq internetə qadağa qoyulması ilə almaq mümkündür. İKT.lent.az-ın “NBC News” nəşrinə istinadən xəbərinə görə, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.
“Biz internetə görə çoxlu sayda insan itiririk. Biz mütləq Bill Geytslə və nələrin baş verdiyini anlayan digər insanlarla görüşməliyik”, - deyə o qeyd edib.
Prezidentliyə namizəd bildirib ki, onlarla görüş zamanı bir sıra məsələlər müzakirə olunmalıdır. Həmçinin internetə girişin məhdudlaşdırılması da müzakirə ediləcək.
Qeyd edək ki, İŞİD qruplaşması yeni üzvləri internet vasitəsilə cəlb edir. Bu işdə onlar rabitə vasitəsi kimi şifrələnmiş məlumatlarla messencerlərdən istifadə edir.