Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha altı ay uzatmaq niyyətindədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın “Monde” nəşrinə Aİ-dəki adı çəkilməyən mənbələr məlumat verib.
Nəşrin məlumatına görə, bu məsələnin Aİ-nin 17-18 dekabr tarixlərində keçiriləcək sammitin gündəliyinə daxil edilməsi nəzərdə tutulmuşdu, lakin dekabrın 14-nə planlaşdırılan Aİ-nin nazirləri səviyyəsində toplantısında müzakirəyə çıxarılacaq.“Həftənin sonunadək Brüsseldə keçiriləcək hazırlıq toplantısında 28 ölkənin səfirləri son detalları razılaşdıracaqlar”, deyə nəşr qeyd edir. Məlumata görə, bu “texniki” görüşdə böyük diskussiyaların keçiriləcəyi gözlənilmir: “Sanksiyaların uzadılmasına dair konsensus artıq əldə olunub. Məsələ ilə bağlı qərar artıq 15-16 noyabr tarixlərində Antalyada keçirilmiş “G-20” sammiti çərçivəsində ABŞ və Aİ-nin aparıcı dövlətləri tərəfindən razılaşdırılıb”, deyə nəşr vurğulayır.