“ABŞ Rusiyaya qarşı qlobal koalisiya qurmağa nail ola bilmədi”. APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatik Akademiyada çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, misli görülməmiş miqyasda kampaniyalara baxmayaraq, rəsmi Vaşinqton qlobal anti-Rusiya koalisiyası yarada bilməyib: “Dünyanın böyük əksəriyyəti, o cümlədən çoxu Avropadan olmaqla ölkələr geniş əməkdaşlığa yönəlmiş bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan dialoqu dəstəkləyirlər”.Nazir qeyd edib ki, rəsmi Moskva Qərblə qarşılıqlı fəaliyyətdən imtina etmir: “Bu isə o demək deyil ki, Rusiya bu siyasət kursunu xaricdən edilən təzyiqlərə əsasən nəzərdən keçirir”.
S.Lavrov bəyan edib ki, yeni "soyuq müharibə" üçün obyektiv bəhanə yoxdur: "Çünki "soyuq müharibə" sərt bloklu ideoloji qarşıdurma əsasında olub. Bizdə indi ideoloji qarşıdurma yoxdur. Biz iqtisadiyyatda, ictimaiyyətin siyasi təşkilatlarında eyni prinsiplərə etiraf edirik. Ona görə də bunun "soyuq müharibə" adlandırılması və "soyuq müharibə"nin ikinci mərhələsi üçün obyektiv bəhanə mövcud deyil. Digər tərəfdən Qərb paytaxtlarında gördüyümüz inadkarlıq "soyuq müharibə" dövründəkindən də çoxdur".