Almaniya hesab edir ki, Ukraynada atəşkəs yalnız ABŞ və Avropanın dəstəyi ilə mümkündür ki, bu da təhlükəsizliyi təmin edəcək və ölkənin suverenliyini qoruyacaq.
Qaziler.az xəbər verir ki, bu barədə Federal Kansler Fridrix Mertsin Bundestaqdakı XDİ/XSİ fraksiyasın üzvlərinə ünvanladığı və "Politico" tərəfindən dərc olunmuş məktubunda deyilir.
Kansler məktubda diplomatik işlərin hazırda çətin şəraitdə aparıldığını qeyd edib.
Əvvəla, Rusiya danışıqlara məhdud hazırlıq nümayiş etdirir. İkincisi, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna cəmiyyətinin birliyi uğrunda mübarizə aparır. Bu arada, transatlantik əməkdaşlıq əhəmiyyətli dəyişikliklərə məruz qalıb.
Mertsin sözlərinə görə, bu vəziyyətdə Berlin aydın bir kurs yürüdür: Ukraynanın suverenliyinin qorunmasını və regionun uzunmüddətli təhlükəsizliyini həqiqətən təmin edəcək sülhə doğru addımları dəstəkləmək.
“Bu vəziyyətdə biz aydın kurs götürmüşük: Ukraynanın suverenliyini qoruyan atəşkəs istəyirik”, - deyə kansler yazıb.
O əlavə edib ki, Minsk razılaşmalarından fərqli olaraq, hazırkı atəşkəs ABŞ və Avropanın təhlükəsizlik zəmanətləri ilə dəstəklənməlidir.
"Biz bu dünyanı avropalılar kimi formalaşdırmaq istəyirik. Bu, yalnız güclü və vahid Avropa ilə mümkündür və biz bunun üçün bütün qətiyyətimizlə mübarizə aparırıq", - Merts vurğulayıb.
QAZİLER.AZ



