Əfqanıstanda illərdir kişi geyimində olan və şəriət qaydalarını pozan iki cadugər saxlanılıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Əxlaqın təbliği və axlaqsızlığın qarşısının alınması nazirliyinin mətbuat xidməti məlumat verib.
“Paktika əyalətinin Barmal rayonunda uzun illərdir kişi geyimində olan, kişi saç düzümü etdirən və şəriətə zidd gələn cadugərliklə məşğul olan iki qadın saxlanılıb", - məlumatda qeyd olunub.
Mətbuat xidmətinin məlumatına görə, qanun pozucuları barədə ictimaiyyətdən şikayətlər daxil olub. Saxlanılanların üzərindən cadugərliklə bağlı kitablar və bəzi alətlər tapılıb. Hakimiyyət orqanları hesab edir ki, bu, insanları aldatmaq və ailələrdə nifaq salmağa səbəb olur.
İlkin araşdırmadan sonra təqsirləndirilən şəxslər məhkəməyə göndərilib və onların işlərinə şəriət qanunlarına uyğun olaraq baxılacaq. İslam qanunları cadugərliyi ağır günah hesab edir. Lakin, mediada yayılan məlumatlara görə, ölkədə ezoterik xidmətlərə tələbat yüksək olaraq qalır.
QAZİLER.AZ



