Mərkəzi Kəşfiyyat İdarəsi Trampın Venesuelanı idarə etmək üçün namizədlərini açıqlayıb

Mərkəzi Kəşfiyyat İdarəsi Trampın Venesuelanı idarə etmək üçün namizədlərini açıqlayıb backend

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Venesuelada sabitliyi qorumaq üçün ölkəni idarə etməyi ABŞ-yə qaçırılmış prezident Nikolas Maduronun ən yaxın müttəfiqlərinə tapşırmağı tövsiyə edib.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı Venesueladakı hərbi əməliyyatdan bir neçə həftə əvvəl ABŞ Prezidenti Donald Trampa və administrasiyanın seçilmiş məmurlarına təqdim edilib. Sənəddə ilk növbədə Maduronun öz mövqeyini necə itirə biləcəyi müzakirə olunub, eyni zamanda, ölkədəki ümumi vəziyyətə də toxunulub.

Analitiklər daha sonra 2024-cü il seçkisinin faktiki qalibi hesab edilən müxalifət lideri Edmundo Qonsales və Nobel Sülh mükafatı laureatı Maria Korina Maçadonun ölkəni idarə edə bilməyəcəkləri qənaətinə gəliblər.

"Wall Street Journal" hesab edir ki, Trampın hərbi əməliyyatdan sonra Maçadonu deyil, yanvarın 6-da Venesuelanın müvəqqəti prezidenti kimi and içmiş vitse-prezident Delsi Rodrigesi dəstəkləməsinin səbəbi elə bu təhlil olub. Sənəddə daha iki yüksəkvəzifəli məmurun adı var. Nəşrin məlumatına görə, bunlar daxili işlər naziri Diosdado Kabelyo və müdafiə naziri Vladimir Padrino Lopes ola bilər.

Yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyata başlayıb, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores qaçırılaraq Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacağını açıqlayıb. Nyu-Yorkda keçirilən məhkəmə iclasında Maduro və həyat yoldaşı günahsız olduqlarını bildirərək, bütün ittihamları rədd ediblər.

Oxu.az