Venesuelanın sabiq prezidenti Nikolas Maduro və xanımı ittihamların irəli sürülməsi üçün Nyu-York federal məhkəməsinə aparılıb.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
Maduronu və həyat yoldaşını məhkəməyə istintaq təcridxanasından Narkotiklərlə Mübarizə İdarəsinin agentlərinin müşayiəti ilə helikopterlə gətiriblər. Hər ikisi qolu qandallı və həbsxana paltarında olub.
Manhetten məhkəməsində bu gün ona qarşı irəli sürülən ittihamların tam siyahısı elan olunacaq.
Məhkəmə binasının ətrafında və daxilində ciddi təhlükəsizlik qaydaları həyata keçirilib, bütün yaxın yollar bağlanıb. Məhkəmənin Bakı vaxtı ilə saat 21:00-da başlanması gözlənilir.
Nikolas Maduronun işi 92 yaşlı federal hakim Alvin K. Hellerşteynə həvalə edilib. O, 2011-ci ildən bəri terrorizm və milli təhlükəsizliyə təhdid işlərini aparıb.
2025-ci ilin noyabrında Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli əməliyyatlarının keçirilməsinə icazə verib. Aylarla hazırlıqdan sonra 2026-cı il yanvarın 3-ü gecəsi ABŞ xüsusi təyinatlı qüvvələri Karakasda Fuerte-Tiuna kompleksində Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirib. Onları ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə təxliyə ediblər. Daha sonra narkoterrorizm ittihamları ilə məhkəmə üçün Nyu-Yorka gətiriblər. Gözlənilir ki, bu gün ona rəsmi ittihamlar irəli sürüləcək və Maduroya ömürlük həbs cəzası verilə bilər.



