Venesuelanı biz idarə edəcəyik - Tramp

Venesuelanı biz idarə edəcəyik - Tramp backend

ABŞ prezidenti Donald Tramp ABŞ-nin Venesueladakı əməliyyatı ilə bağlı mətbuat konfransı keçirir.

APA xəbər verir ki, Tramp ədaləti bərpa etdiklərini, əməliyyatın mükəmməl keçdiyini deyib.

“Dünən gecə gec saatlarda və bu gün səhər tezdən, mənim göstərişimlə, Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələri Venesuelanın paytaxtında qeyri-adi hərbi əməliyyat həyata keçirdi. Möhtəşəm hücumu həyata keçirmək üçün ABŞ-nin hava, quru və dəniz gücündən ibarət əzici hərbi qüdrəti istifadə olundu və bu, insanların İkinci Dünya Müharibəsindən bəri görmədiyi bir hücum idi”, - o deyib.

ABŞ ordusunun bundan əvvəl də Süleymaniyə, əl-Bağdadiyə qarşı belə əməliyyatlar keçirdiyini, bu yaxınlarda “Midnight Hammer” adlı əməliyyat çərçivəsində İranın nüvə obyektlərinin məhv etdiyini deyən Tramp əməliyyatların hamısının qüsursuz icra olunduğunu deyib.

"Möhtəşəm uğura gecə ərzində nəfəskəsən sürət, güc, dəqiqlik və peşəkarlıqla nail olan" hərbçi qadın və kişilərə təşəkkür edən Tramp belə şeyləri "nadir hallarda gördüklərini" deyib.

“Dünən gecə mənim gördüklərimi siz də görsəydiniz, çox təsirlənərdiniz. Əmin olaraq deyirəm ki, bunu heç vaxt görə bilməyəcəksiniz. Amma doğrudan da inanılmaz mənzərə idi”, - ABŞ prezidenti bildirib.

“Bir amerikalı hərbçi belə həlak olmadı, bir ABŞ hərbi texnikası belə itirmədik. Çoxlu helikopterlərimiz, təyyarələrimiz, bu əməliyyatda iştirak edən çoxlu şəxsi heyətimiz var idi. Amma bunu düşünün: bircə dənə belə hərbi texnika itkisi olmadı", - Tramp deyib.

Tramp Amerika Birləşmiş Ştatlarının ordusunun planetdə açıq-aşkar ən güclü və ən qorxulu ordu olduğunu deyib.

Son zamanlar narkotik daşıyıcılarına qarşı əməliyyatlar keçirildiyini vurğulayan Tramp dəniz yolu ilə ölkəyə daxil olan narkotiklərin 97 faizinin zərərsizləşdirildiyini və bu narkotiklərin böyük hissəsinin Venesueladan gəldiyini bildirib.

“Biz göz yuma bilmərik ki, Venesuela xalqının dəstəyini qazanmamış başqa bir şəxs bu ölkəyə rəhbərlik etsin” – deyən Tramp, həmçinin, Venesuelada təhlükəsiz, doğru və ədalətli keçid baş verənə qədər ölkəni ABŞ-nin idarə edəcəyini deyib.

“Bu keçid mütləq ədalətli olmalıdır. Çünki bizim məqsədimiz budur. Biz Venesuela xalqı üçün sülh, azadlıq və ədalət istəyirik”, - Tramp vurğulayıb.

Venesuelada neft sənayesinin uzun müddətdir ki, tamamilə iflasa uğradığını deyən Tramp ABŞ neft şirkətlərinin oraya daxil olacağını, sərmayə yatıracağını, dağıdılmış neft infrastrukturunu bərpa edəcəyini deyib.

“Biz Venesuelanın neft sənayesini ABŞ biliyi və zəhməti ilə qurmuşduq. Sosialist rejimi isə əvvəlki administrasiyalar dövründə bunları güc yolu ilə ələ aldı. Bu, ölkə tarixində ən böyük mülkiyyət oğurluqlarından biri idi. Böyük neft infrastrukturu bizdən alındı və heç nə edilmədi. Mən isə tədbir görərdim. ABŞ heç vaxt xarici güclərə xalqımızı talamağa icazə verməyəcək”, - Tramp deyib.

Keçirilən əməliyyatın uğurlu olduğunu vurğulayan Tramp yəqin ki, ikinci belə əməliyyata ehtiyac olmayacağını bildirib.

Maduronun ABŞ-yə nəhəng həcmdə ölümcül və qanunsuz narkotiklərin qaçaqmalçılığına cavabdeh olan geniş cinayət şəbəkənin başçısı olduğunu, şəxsən “Cartel de las Solas” adlı karteli idarə etdiyini və bu kartelin ABŞ-yə saysız-hesabsız amerikalının ölümünə səbəb olan zəhərli maddələr gətirdiyini bildirən Tramp Maduro və onun həyat yoldaşının tezliklə ABŞ ədliyyə sisteminin qarşısında cavab verəcəyini deyib.

Öncəki prezidentlər dövründə Venesuelaya qarşı heç bir tədbir görülmədiyini deyən Tramp sözlərinə belə davam edib: “Biz sərhədlərimizi qoruyacağıq, terroru dayandıracağıq, kartelləri məhv edəcəyik və vətəndaşlarımızı bütün təhlükələrdən qoruyacağıq. Bəzi prezidentlər bunu etməyə cəsarət etməmiş ola bilər, amma mən heç vaxt terrorçulara və cinayətkarlara güzəşt etməyəcəyəm. Bu son dərəcə uğurlu əməliyyat hər kəs üçün xəbərdarlıqdır”.

Bundan başqa, Tramp Venesueladakı siyasi elitanı da hədələyib. “Venesueladakı siyasi və hərbi fiqurlar başa düşməlidirlər ki, Maduraya nə olubsa, onlara da ola bilər. Diktator və terrorçu Maduro artıq yoxdur. Venesuela xalqı azaddır”, - o bildirib.