Avstriya hökuməti Sloveniya ilə sərhəd zolağının 4 kilometrlik hissəsində mühafizə divarının tikilməsi haqqında qərar qəbul edib. APA TV-nin məlumatına görə, bununla bağlı hazırlıq işlərinə artıq bazar ertəsindən etibarən başlanılıb. Görülən işlərə ordunun da cəlb olunduğu bildirilir.
Müşahidəçilərin fikrincə, bu, Şengen zonası ölkələri arasında inşa ediləcək ilk belə baryer olacaq. Rəsmi Vyanadan verilən açıqlamada bildirilir ki, əsas məqsəd ölkəyə miqrant axınına effektiv nəzarətin təmin edilməsindən ibarətdir. O da qeyd olunur ki, hələlik tikanlı məftillərdən istifadə edilməyəcək.
Bu arada polis kordonunun əks tərəfindəki qaçqınlar Angela Merkeldən dəstək istəyərək, Almaniyaya yalnız silahlı münaqişələr nəticəsində öz ölkələrini tərk edən insanları deyil, hər kəsi buraxmağa çağırıblar. Noyabr ayında Almaniyaya mühacirət edənlərin sayında rekord göstərici qeydə alınıb. Belə ki, noyabrda ölkəyə 206 min qaçqının gəldiyi bildirilir. Ekspertlər ilin sonunadək bu sayın 1 milyon nəfəri ötəcəyi qənaətindədir.