İran "Ghadr-110" tipli yeni, uzaqmənzilli ballistik raketi sınaqdan keçirib. APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, sözü gedən raket nüvə başlığı daşımaq özəlliyinə malikdir.
İranın bu addımı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən iki qətnamənin tələblərinin pozulması deməkdir.
Xarici mətbuatın məlumatına görə, sözü gedən sınaq noyabrın 21-də, ölkənin cənub-şərqindəki Çahbehar şəhəri yaxınlığında həyata keçirilib. Bununla belə, 1800-2000 kilometrlik raketin sınaqdan keçirilməsi barəsindəki məlumatlar İran və ABŞ rəsmiləri tərəfindən təsdiqlənmir.
Qeyd edək ki, İran bundan öncə oktyabr ayında da belə bir addım atıb. Birləşmiş Ştatların isə məsələyə reaksiyası gecikməyib. Bu ölkənin BMT-dəki nümayəndəsi Samanta Pauer bildirib ki, bu test sınağı Təhlükəsizlik Şurası tərəfindən İrana tətbiq olunan sanksiyaların tələblərinin pozulmasından başqa bir şey deyil.
Hələ 2015-ci ilin iyun ayında altılıq ölkələri ilə əldə olunan tarixi razılaşmaya əsasən, iqtisadi sanksiyaların ləğvi müqabilində İran özünün nüvə proqramını məhdudlaşdırmaq öhdəliyi götürmüşdü.