Məşhur türkiyəli sənətçi Yusuf Güney İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətdə böyük səs-küy yaradan narkotik istintaqı çərçivəsində sağlamlıq müayinəsindən keçib. Cəmiyyət arasında sürətlə yayılan şayiələrdən və yaranan suallardan sonra Yusuf Güney sosial media hesabında paylaşdığı video ilə iddialara aydınlıq gətirib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müğənni son vaxtlar ictimaiyyət qarşısında görünməməsinin əsas səbəbinin ciddi sağlamlıq problemləri ilə bağlı olduğunu bildirib. O, təxminən 10 gündür ağır xəstəliklə mübarizə apardığını qeyd edib və buna görə də istirahət etmək üçün telefonlarını söndürərək özünü təcrid etdiyini və barəsində ortaya atılan iddiaların həqiqəti əks etdirmədiyini ifadə edib.
"Bir nəfərin adımı çəkməsindən sonra istintaqda adım hallanıb. Barəmdə hər hansı saxlanılma qərarı yoxdur", - deyə Yusuf Güney açıqlamasında qeyd edib.
Sənətçi iddiaları eşidən kimi könüllü olaraq prokurorluğa müraciət etdiyini, ifadəsini verdiyini, qan, sidik və saç nümunələrinin götürüldüyünü və hazırda nəticələrini gözlədiyini bildirib.
Yusuf Güney açıqlamasının sonunda İstanbul Vilayət Jandarm Komandanlığına göstərdikləri nəzakətə və apardıqları dəqiq işlərə görə xüsusi təşəkkür edib, dövlətin narkotik başda olmaqla, qumar oyunları, fahişəlik, uşaq istismarı və fırıldaqçılıq kimi sosial cinayətlərə qarşı eyni qətiyyətlə mübarizəni davam etdirəcəyinə səmimi qəlbdən inandığını dilə gətirib.



