ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem vətəndaşlıq və miqrasiya xidmətinə "Green Card" kimi tanınan DV1 (Diversity Immigrant Visa Program) proqramını müvəqqəti dayandırmaq göstərişini verib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ vətəndaşlıq və miqrasiya xidmətinə istinadən məlumat yayıb.
"USCIS" saytındakı məlumata görə, proqram hər il 50 min miqrasiya vizasının verilməsini nəzərdə tutur.
Kristi Noemin sözlərinə görə, bu qərar Braun Universitetində baş vermiş atışmadan sonra qəbul edilib.
"Prezident Trampın göstərişi ilə mən "USCIS"ə dərhal "DV1" proqramlarının dayandırılmasını tələb edirəm ki, amerikalılar bu proqram səbəbindən artıq zərər çəkməsinlər. Bu qorxunc insan heç vaxt ölkəmizə gəlməməli idi", - K.Noem sosial şəbəkələrdə yazıb.
O, xatırladıb ki, 2017-ci ildə də Prezident Donald Tramp İŞİD terrorçusunun Nyu-Yorkda törətdiyi terror aktından sonra "DV1" proqramını dayandırmağa çalışmışdı. Həmin terrorçu da ABŞ-yə lotereyada qalib olub gəlmişdi.



