Suriya Daxili İşlər Nazirliyi Maarət-əl-Numan bölgəsində şosse yolunda patrul maşınına hücumdan sonra bir sıra uğurlu antiterror əməliyyatları həyata keçirildiyini açıqlayıb.
"Report"un quruma istinadən məlumatına görə, ilk əməliyyat zamanı üç nəfər saxlanılıb, daha bir silahlı isə zərərsizləşdirilib.
Dindirmələr zamanı saxlanılanlar daha dörd nəfərin də iştirakını etiraf ediblər. Bu məlumat əsasında hüquq-mühafizə orqanları ikinci əməliyyatı keçirib və nəticədə qrupun qalan üzvləri də həbs olunub. Ümumi saxlanılanların sayı səkkiz nəfərə çatıb.
DİN-in məlumatına görə, İŞİD terror təşkilatının üzvləri azı üç terror aktında iştirak ediblər. Bunlara yol patrul xidmətinə hücum, İdlib vilayətində Müdafiə Nazirliyi əməkdaşlarına qarşı hücum və Hələb vilayətində gömrükçülərə silahlı hücum daxildir.
Əməliyyatlar zamanı partlayıcı maddələrlə dolu kəmərlər, səsboğucular, raketlər və "M4" pulemyotları müsadirə olunub.



