Ermənistan parlament üsul-idarəsinə keçdi – Seçki

Ermənistan parlament üsul-idarəsinə keçdi – Seçki backend

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) konstitusiya dəyişikliyi ilə bağlı keçirilən seçkilərin ilkin nəticələrini elan edib. Publika.az xəbər verir ki, MSK səsvermədə 1 milyon 296 min 368 seçicinin iştirak etdiyini bildirib. Seçicilərin 74,87 faizi dəyişikliyin lehinə, 22,31 fazi isə əleyhinə səs verib.

Yeni Konstitusiyaya əsasən, ölkədə tətbiq edilən hazırkı yarımprezidentlik idarəetmə sistemindən parlament idarəetmə sisteminə keçirilməsi nəzərdə tutulur. Prezident hazırda olduğu kimi 5 il deyil, 7 il müddətinə seçilir və onun namizədliyi ikinci dəfə irəli sürülə bilməz.

Prezident seçkilərinin keçirilməsi üsulu da dəyişir. Ölkə prezidenti əvvəlki kimi birbaşa seçki vasitəsilə deyil, Milli Məclis üzvləri tərəfindən seçilir. Namizədin seçilməsi üçün millət vəkillərinin 75 faizi onun lehinə səs verməlidir.

Səsvermənin birinci turunda qalib müəyyən edilməzsə, ikinci tur keçirilir və qələbə üçün lehinə verilən səslərin 60 faizi kifayət edir.

İkinci turda da nəticə əldə edilməzsə, prezidenti millət vəkillərinin ümumi sayının yarısından çoxu müəyyən edir.

Yeni Konstitusiya üzrə ölkənin ali icraçı orqanı - baş nazirin rəhbərlik etdiyi hökumət elan edilir.

Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edir.

Baş nazir prezident tərəfindən parlament seçkilərində qalib gəlmiş partiya və ya partiyalar blokunun üzvlərindən təyin olunur.

Müşahidəçilərin qənaətinə görə, seçki kütləvi saxtakarlıqla keçirilib. Referendumun əsas məqsədi Sərkisyanın hakimiyyətini uzatmağa xidmət edir.
Diaspora