Fransanın sabiq prezidenti həbsxana həyatından yazdı

Fransanın sabiq prezidenti həbsxana həyatından yazdı backend

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 10 dekabrda çıxacaq "Məhbusun Gündəliyi" kitabında Parisin Sante həbsxanasındakı həyatından bəhs edib.

Oxu.Az xəbər verir ki, bu barədə kitabdan parçalar dərc edən "Le Figaro" qəzeti məlumat verib.

"Sarkozi hakimiyyətsiz həyatı təsvir edib. Heç nəsiz həyatı. Kitabda üç həftə süd məhsulları, dənli bitkilər, mineral su, alma şirəsi və bir neçə şirniyyatla dolanan, gündə 23 saatını kamerasında keçirən bir insanın gündəlik həyatı təsvir olunur", - deyə nəşr qeyd edir.

Qəzet Sarkozinin sözlərini sitat gətirir: "Mən hər gün kiçik masada diyircəkli qələmlə yazı yazırdım. Vərəqləri vəkillərimə verirdim, onlar isə katibimə göndərirdilər. Fasiləsiz yazırdım və azadlığa çıxdıqdan sonra kitabı bitirdim".

Qeyd edək ki, Sarkozi Liviya seçki kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qrupla əlbir olmaqda təqsirkar bilinib. O, beş il müddətinə azadlıqdan məhrum edilsə də, həbsxanada 21 gün keçirib.