İraqın baş naziri Hayder Əl-Abadi türk ordusuna ölkə ərazisini 48 saat ərzində tərk etməli olduğu barədə bəyanat verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hökumət başçısı vurğulayıb ki, əks halda, İraq BMT Təhlükəsizlik Şurasına müraciət də daxil olmaqla, bütün mümkün vasitələrdən istifadə edəcək.
Baş nazir əl-Abadi rəsmi Bağdadın türk ordusunun ölkədə yerləşdirilməsinə razılıq vermədiyini sözlərinə əlavə edib. Hökumət rəsmilərinin daha öncə verdiyi açıqlamaya görə, dekabrın 4-də Türkiyənin tank batalyonu İraqın Naynava əyalətinə daxil olub. Bu addımın kürd milli birliklərinin hazırlanması bəhanəsi ilə atıldığı bildirilir.
Bu arada İraqın Xarici İşlər Nazirliyi türk hərbçilərinin ölkədə mövcudluğunu "düşmənçilik məqsədi" daşıdığını qeyd edərək, onların dərhal çıxarılmasını tələb edib. Öz növbəsində İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim əl-Zəmli isə türk hərbçilərinin ölkəni qeyd-şərtsiz tərk etməyəcəyi təqdirdə, onlara hücum ediləcəyini bəyan edib.