Ermənistanda keçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb. APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, öncə paytaxtın Azadlıq meydanında mitinq keçirilib. Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub.
Mitinq başlayana qədər İrəvan Polisinin rəis müavini Valeri Osipyan “İrs” Partiyasının lideri Raffi Ovannisyana xəbərdarlıq edərək, xalqı iğtişaşlara sürükləməməyə çağırıb, əks halda, polisin ictimai asayişi təmin etmək üçün lazımi addımlar atmaq məcburiyyətində qalacağını deyib.Mitinqdə çıxış edən Raffi Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb. Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. O, hüquq-mühafizə orqanlarına müraciət edərək, referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib.
Mitinqin ardınca isə xeyli sayda polisin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasının binası önünə yürüş başlayıb. Yürüşə Təsisçi Parlamentin üzvü Jirayr Səfilyan və Raffi Ovanisyan rəhbərlik edir.
Qeyd edək ki, ötən gün Ermənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.