Qara dənizdə Ukrayna pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalan Rusiya "Midvolga 2" tankerinin heyət üzvlərindən heç biri xəsarət almayıb.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” Orta Volqa Gəmiçilik Şirkətinə məxsus olan tankerin səlahiyyətli nümayəndəsinə istinadən məlumat verib.
"İlkin məlumata görə, bütün dənizçilər sağ-salamatdır! Gəmidəkilərin hamısı Rusiya vətəndaşlarıdır. Heç kim tibbi yardıma müraciət etməyib", - agentliyin mənbəsi bildirib.
O əlavə edib ki, gəmidə 14 nəfər var. Gəmi sahibi onlara bütün lazımi yardımı göstərmək niyyətindədir.
"Gəmi hazırda zərərin qiymətləndirilməsi və sonrakı təmir üçün Sinop limanına gedir", - şirkət qeyd edib.
Qeyd edək ki, dekabrın 2-də Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərində dron hücumuna məruz qalıb.
QAZİLER.AZ



