Honkonqda yanğın baş vermiş yaşayış kompleksinə təhlükəsizliyə dair xəbərdarlıq edilibmiş

Honkonqda yanğın baş vermiş yaşayış kompleksinə təhlükəsizliyə dair xəbərdarlıq edilibmiş backend

Çinin Honkonq şəhərindəki "Wang Fuk Court" yaşayış kompleksinin rekonstruksiyası ilə məşğul olan şirkətə hadisədən bir həftə əvvəl yanğın riskləri barədə xəbərdarlıq edilibmiş.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "South China Morning Post" qəzeti məlumat verib.

"Bir həftədən az müddət əvvəl podratçıya müvafiq yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi xatırladılıb", - deyə məlumatda bildirilib.

Honkonq Əmək Departamentindən bildirilib ki, 2025-ci ilin iyul ayından bəri "Wang Fuk Court" binalarında 16 yoxlama aparılıb, bunlardan ən sonuncusu 20 noyabrda olub. Jurnalistlərin sözlərinə görə, monitorinq təhlükəsizlik standartlarına uyğunluğun yoxlanılmasını nəzərdə tutub.

Yaşayış kompleksinin təhlükəsizlik xidmətinin keçmiş rəisi deyib ki, yaşayış kompleksinin ictimai yerlərində, o cümlədən tikintidə istifadə olunan taxta ayaqaltıların üzərində işçilərin siqaret çəkdiklərini görüb. O əlavə edib ki, işçilərin yanğın çıxışlarından binaya asanlıqla daxil olub-çıxmaları üçün yanğın təhlükəsizliyi sistemi həmişə söndürülmüş vəziyyətdə olub.

Xatırladaq ki, noyabrın 26-da təxminən 4000 sakinin yaşadığı Honkonqun Tay-Po rayonundakı yaşayış kompleksində bir neçə hündürmərtəbəli binada yanğın baş verib. Bu, son 17 ildə ən güclü yanğın kimi qəbul edilib. Yanğına ən yüksək təhlükə səviyyəsi təyin edilib. Yanğınsöndürənlər sakinlərin əksəriyyətini təxliyə ediblər.

Qeyd edək ki, son məlumatlara görə, yanğında ölənlərin sayı 94-ə çatıb.