Rusiyada Polşa səfirinə hücum edilib

Rusiyada Polşa səfirinə hücum edilib backend

Sankt-Peterburqda Polşanın səfiri Kşiştof Krayevskiyə hücum edilib.

"Report" "Gazeta Wyborcza" nəşrinə istinadən xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Bildirilib ki, hadisə noyabrın 16-da səfir Polşanın Müstəqillik Günü münasibətilə yerli polyaklarla görüşmək üçün Sankt-Peterburqa gəldiyi zaman baş verib.

O, günorta saatlarında konsulun müşayiəti ilə Müqəddəs Yekaterina bazilikasında ibadətə gedərkən özlərini "fəallar" kimi təqdim edən bir qrup insan onu əhatəyə alıb.

Onlar əllərində polyaklar və ukraynalılara qarşı şüarlar yazılmış plakatlar tutublar və daha sonra səfirə hücum ediblər.

"Əvvəlcə təhqirlər səsləndirilib, lakin sonra açıq şəkildə fiziki güc tətbiq etmək cəhdi olub. Bu zaman mühafizə işə qarışıb", – Polşa XİN-in nümayəndəsi Matsey Vevior nəşrə bildirib.

O, həmçinin vurğulayıb ki, diplomat ciddi xəsarət almayıb.

Xatırladaq ki, noyabrın 19-da Polşa Rusiyanın ölkədə fəaliyyət göstərən sonuncu baş konsulluğunun bağlanması barədə qərar qəbul edib.