ABŞ Mərkəzi Komandanlığı Qəzza zolağı üçün anklavın iki hissəyə bölünməsini nəzərdə tutan plan hazırlayıb: biri İsrail, digəri isə Fələstin qrupları tərəfindən idarə olunacaq.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti Amerika mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Qəzzanın şərqində İsrail və beynəlxalq hərbi nəzarət altında olacaq "Yaşıl bölgə" yenidən qurulacaq, "Qırmızı bölgə" isə xarabalıq olaraq qalacaq.
Qeyd olunub ki, Vaşinqton atəşkəsdən sonra "Qırmızı bölgə"də yaşamağa davam edən fələstinliləri "Yaşıl bölgə"yə köçməyə təşviq etmək niyyətindədir.
"Vəziyyət inkişaf etdikcə və bərpa üçün şərait yarandıqca Qəzzada dinc sakinlər "Yaşıl bölgə"yə köçməyə və rahat yaşamağa başlayacaq. İnsanlar deyəcəklər ki, bu onlara lazımdır. Vəziyyət bu istiqamətdə inkişaf edəcək. Heç kim hərbi əməliyyat vasitəsilə köçürülmənin təmin edilməsindən danışmır", - Vaşinqton administrasiyasındakı mənbə bildirib.



