Rumıniya hökuməti Buxarestdə Niderlanddan 18 ədəd F-16 qırıcı təyyarəsinin alınması barədə hökumətlərarası müqaviləni imzalayıb.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, söhbət Feteşti qəsəbəsində yerləşən F-16 pilot hazırlığı mərkəzindəki təyyarələrdən gedir. Onlar rəsmi olaraq Rumıniya dövlətinin mülkiyyətinə 1 avro simvolik qiymətə veriləcək.
Bununla belə, Rumıniya təyyarələrin və logistika dəstək paketinin 100 milyon avro dəyərinə əsasən hesablanmış 21 milyon avro ƏDV ödəyəcək.
Təyyarələr yalnız pilotların təlimi üçün istifadə olunacaq, Rumıniya isə NATO və tərəfdaş ölkələrdən gələn pilotların hazırlanması üçün müəyyən sayda yer təmin etməyə borcludur.
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
