Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr gələn ilin payızında Baltikyanı ölkələrin hava məkanını qorumaq üçün ilk dəfə Estoniyaya gələcək.
"Report" xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Türkiyə NATO-nun şərq cinahının müdafiəsində, o cümlədən Türkiyə təyyarələrinin növbəti ilin payızında gələcəyini gözlədiyimiz Əmari hava bazasında Baltik ölkələrinin hava məkanının mühafizəsi missiyasında fəal iştirak edir", - Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Ankarada türkiyəli həmkarı Hakan Fidan və Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komitəsinin sədri Fuat Oktay ilə görüşdən sonra bildirib.
M.Tsahkna Estoniyanın Aİ-nin genişlənmə siyasətinə sadiq qaldığını bildirib və Estoniyanın gömrük ittifaqının modernləşdirilməsi də daxil olmaqla, Aİ ilə Türkiyə arasında konstruktiv dialoqun inkişafına dəstəyini təsdiqləyib.
"Türkiyə ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq bütün Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək edəcək", - Estoniya xarici işlər naziri bildirib.



