"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədinin bağlanması üçün öhdəlik götürüb". APA TV-nin "Sözçü" qəzetinə istinadən xəbərinə görə, bu fikri ABŞ-ın xarici işlər naziri Con Kerri bildirib.
Onun sözlərinə görə, ABŞ və Türkiyə sərhədin bağlanması üçün hava və quru qüvvələrinin necə işbirliyi edəcəyi məsələsində məsləhətləşmələr aparacaq: "Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Suriya sərhədinin qalan hissəsinin bağlanması üçün Türkiyə və digər qüvvələrdən istifadəni tamamilə dəstəkləyir".Kerri Suriyada İŞİD-lə mübarizəyə yardım üçün NATO ölkələrindən təlim və arsenal dəstəyi kimi tələblər etdiklərini, Rusiyanın da Suriyada onlarla birgə əməliyyatlara qatılmasını istədiklərini vurğulayıb.
ABŞ-ın xarici işlər naziri qeyd edib ki, söhbət iki ölkə arasında bağlanmamış qalan 98 kilometr uzunluğundakı sərhəd zolağından gedir.